İnsan həyatının davamı bəzən elmin dəqiqliyində, bəzən isə vaxtında verilən bir qərarda gizlənir.
Bu həssas tarazlığı dərk etmək və müasir tibbin imkanlarını daha dərindən müzakirə etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Asossasiyası və Şamaxı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Şamaxı şəhərində “Beyin ölümü və Böyrək transplantasiyası: Müasir baxış” mövzusunda elmi simpozium təşkil olunub. Simpozium tibb elminin aktual məsələlərini, eləcə də insan həyatına toxunan mənəvi və hüquqi aspektləri bir araya gətirib.
Tədbirin açılışında nefrologiya üzrə tibb elmləri doktoru Fuad Sərdarlı çıxış edərək simpoziumun əsas məqsədindən danışıb. O, beyin ölümü anlayışının elmi əsaslarla izah edilməsinin və transplantasiya mövzusunda düzgün maarifləndirmənin əhəmiyyətini vurğulayıb:
Ardınca Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyev söz alaraq regionlarda bu mövzuda aparılan maarifləndirmə işlərinin vacibliyinə toxunub. O, belə elmi platformaların səhiyyə işçiləri arasında bilik və təcrübə mübadiləsi üçün mühüm rol oynadığını qeyd edib.
Daha sonra tibb elmləri doktoru, cərrah-uroloq, transplantoloq Rəşad Şolan çıxış edərək böyrək transplantasiyası əməliyyatlarının tibbi və sosial əhəmiyyətindən bəhs edib. Onun sözlərinə görə, uğurlu transplantasiya xəstələr üçün yalnız müalicə deyil, yeni həyat mərhələsinin başlanğıcıdır:
Simpoziumda Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Günay Abbasova “Beyin ölümünün müasir diaqnostikası: Azərbaycanda orqan donorluğu və transplantasiyasının iş prinsipi” mövzusunda çıxış edərək orqan donorluğunun cəmiyyət üçün daşıdığı mənəvi və humanist dəyərdən danışıb. O, donorluğun həyatla ölüm arasında qurulan ən insani körpülərdən biri olduğunu vurğulayıb.
Ardınca Koordinasiya Mərkəzinin Hüquq və nəzarət şöbəsinin müdiri Hüseyn Camalov “Azərbaycanda orqan donorluğu və transplantasiyası işinin hüquqi əsasları” mövzusunda çıxış edərək mövcud qanunvericilik bazası haqqında ətraflı məlumat verib. Onun çıxışı iştirakçılarda hüquqi mexanizmlərin şəffaflığı və vətəndaş hüquqlarının qorunması ilə bağlı aydın təsəsvvür formalaşdırıb.
Mərkəzin həkim- koordinatoru Mehriban Əliyeva isə " Mən nə üçün donor olmaq istəyirəm" adlı çıxışı ilə beyin ölümü diaqnozu, donor seçimi və ailələrlə aparılan həssas kommunikasiya məsələlərinə toxunub. O, bu prosesdə tibbi biliklə yanaşı, insani yanaşmanın həlledici rol oynadığını vurğulayıb.
Simpoziumun sonunda ölümündən sonra donor olma mərasimi təşkil olunub. Bu mərasim tədbirə xüsusi mənəvi çalar qataraq, iştirakçılara orqan donorluğunun yalnız elmi anlayış deyil, həm də yüksək mənəvi dəyər olduğunu bir daha xatırladıb. Səssiz və düşüncəli atmosferdə keçirilən bu an, həyatın bir insandan başqasına ötürülə bilən ən qiymətli miras olduğunu nümayiş etdirib.